Necə türk mediasinin kralı oldu?

Acun Ilıcalının “Beşiktaş” futbol klubunun müxbirliyindən türk mediasının ən tanınmış və varlı insanına doğru uzanan təqdirəlayiq uğur hekayəsinə birlikdə nəzər salaq. ???

Hər şey bir dostunun vasitəçiliyi ilə idman spikeri İlker Yasin ilə tanış olmasıyla başlayır. “SHOW TV”-nin idman üzrə rəhbəri olan İlker Yasinin sayəsində Acun 200 milyon lira maaşla “Beşiktaş” müxbiri kimi ilk işini əldə edir.

Ekrandakı bir ilini doldurmadan Şansal Büyüka-nın prodyüserlik etdiyi “Televole” futbol maqazin proqramına aldığı maaşın 7 qat artığını alaraq transfer olur. Proqram vasitəsilə dünyanı gəzən Acun bunu bir fürsətə çevirir və proqramın içində “Acun Firarda” adlı kiçik bir proqram yaradır. Proqramın qısa zamanda populyarlıq qazanması ona eyni adla öz proqramını təqdim etməyə imkan verir. 4 il ərzində 105 ölkəni gəzən Acunun proqramına böyük və tanınmış brendlər sponsorluq edir.

2005-ci ildə Acun “Acun Medya” adlandırdığı media şirkətini qurur. Acunun uğurunu taclandıran isə “Fear Factor”, “Survivor”, “Var mısın Yok musun”, “Yetenek Sizsiniz”, “O Ses Türkiye” kimi səs gətirən verilişlər olur.

2013-cü ildə isə “TV8” televiziya kanalını alır və reytinq rekordu qıran uğurlu verilişlərini bu kanalda yayımlamağa başlayır. 2016-cı ildə Yunanıstanda “O Ses Yunanıstan”, “Survivor”, “İşte Benim Stilim” kimi verilişləri yayımlamağa başlayaraq Acun beynəlxalq mediaya uğurlu bir çıxış əldə edə bilir.

2018-ci ildə dünyanın ən prestijli jurnalı olan “Variety”-nin hazırladığı “Əyləncə Sektorunda Ən Nüfuzlu 500 İş Adamı” siyahısında yer tutur. Qırmadığı rekord qalmayan Acun Ilıcalı 2020-ci ildə “Survivor” iştirakçıları ilə “İnstagram” üzərindən etdiyi canlı yayımı 3 milyon izləyiciyə çatdıraraq dünya rekorduna imza atır.

Digital serial izləmə platformalarına rəqib olmaq üçün 2021-ci ildə “Acun Medya” tərəfindən “Exxen”-nin qurulması və qısa zamanda 1 milyon izləyiciyə çatması bir daha Acunun uğurunun təsadüfi olmadığını göstərir.